QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin gələn il 115 milyard dollara ehtiyac duyacağını açıqlayıb. O, bu barədə Berlində keçirilən mətbuat konfransında danışıb.
Zelenskinin sözlərinə görə, əvvəlcə Ukrayna 45 milyard dollar almağa ümid edirdi. Hərbi rəhbərlik və Müdafiə Nazirliyi ilə aparılan məsləhətləşmələrdən sonra isə əlavə 70 milyard dollar vəsaitə ehtiyac olduğu müəyyənləşib.
Prezident maliyyə ilə bağlı müsbət siqnalların olduğunu deyib: 45 milyard dolların üzərinə daha 45 milyard dollar əlavə olunarsa, ümumi məbləğ 90 milyard dollara çatacaq. Onun fikrincə, bu rəqəm 45 milyard dollardan 115 milyard dollara daha yaxındır və çatışmayan 25 milyard dolları tapmaq mümkün olacaq.
Zelenski həmçinin Kiyevin 2028-ci ildə də buna bənzər həcmdə vəsaitə ehtiyac duya biləcəyini bildirib.