QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, kirayə mənzildəki avadanlıq və əşyalar sıradan çıxdıqda təmir xərcini kimin ödəyəcəyi tərəflər arasında tez-tez mübahisə yaradır. Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, bu sahədə bütün halları əhatə edən konkret qanunvericilik tənzimləməsi yoxdur və məsələlər əsasən ev sahibi ilə kirayəçinin razılığı əsasında həll edilir.

Azadov bildirib ki, təmir və avadanlığın dəyişdirilməsi ilə bağlı şərtləri icarə müqaviləsində ətraflı qeyd etmək mümkündür. Müqavilə bağlanmadıqda isə tərəflər sonradan yaranan mübahisələrdə çətinliklə üzləşə bilərlər. Kirayəçinin müqavilədən yayınmaqla özünü daha sərbəst hiss edəcəyi düşüncəsi doğru yanaşma deyil.

Ekspertin fikrincə, sənəddə ilk növbədə icarənin müddəti və aylıq ödənişin məbləği dəqiq yazılmalıdır. Ən azı bir il ərzində kirayə haqqının dəyişməməsi şərtinin nəzərdə tutulması məqsədəuyğun sayılır. Müddət başa çatdıqdan sonra müqavilənin avtomatik uzadılıb-uzadılmayacağı, eləcə də uzatma niyyəti olmayan tərəfin digərini nə qədər əvvəl xəbərdar etməli olduğu da razılaşdırıla bilər.

Yaşayış yeri üzrə qeydiyyatla bağlı məsələlər də əvvəlcədən müzakirə edilməlidir. Qanunvericiliyə əsasən, ünvanını dəyişərək yeni yerdə müəyyən olunmuş müddətdən artıq qalan şəxsin qeydiyyat məsələsini həll etməsi vacibdir. Müqavilədə müddət və ödəniş qaydalarının aydın yazılması kirayəçinin vaxtından əvvəl mənzildən çıxarılması və ya kirayə haqqının birtərəfli artırılması kimi halların qarşısını almağa kömək edə bilər.

Mənzildəki kombi və digər istilik sistemlərinin yoxlanması, təmizlənməsi, həmçinin nasazlıq zamanı xərclərin kimə aid olması müqavilədə göstərilməlidir. Avadanlıq yenidirsə, onun zəmanət müddəti və şərtləri dəqiqləşdirilməlidir. Zəmanət bitdikdən sonra nisbətən yeni cihazın təmir xərcini tərəflər 50/50 prinsipi ilə bölüşdürə bilərlər.

Köhnə soyuducu, kondisioner və başqa məişət texnikasının istənilən vaxt sıradan çıxma ehtimalı nəzərə alınmalı, kirayəçi bu barədə müqavilə bağlanmazdan əvvəl öz şərtlərini bildirməlidir. Avadanlıq köhnədirsə və kirayəçi mənzildə uzun müddət qalacaqsa, təmir xərcinin hamısını onun ödəməməsi barədə razılıq əldə edilə bilər. Məsələn, tərəflər xərclərin 10-20 faizinin kirayəçinin üzərinə düşməsini müəyyənləşdirə bilərlər. Mebel, hamam aksesuarları, santexnika və digər əşyalar üçün də oxşar qaydada məsuliyyət bölgüsü yazılmalıdır.

Elektrik, qaz, su və internet ödənişləri, həmçinin çoxmənzilli binalarda komendant və idarəetmə xərclərini kimin ödəyəcəyi də müqavilədə əksini tapmalıdır. Adətən kommunal ödənişləri kirayəçi edir. Mənzilə köçərkən sayğacların göstəricilərinin qeydə alınması və əvvəlki borcların bağlanması, evdən çıxarkən isə göstəricilərin yenidən yoxlanaraq yaşayış dövründə yaranan borcların ödənilməsi tövsiyə olunur.

Azadov ev sahiblərinə mümkün maddi zərərlərdən qorunmaq üçün depozit tələb etməyi də məsləhət görüb. Su sızması, yanğın, oğurluq və ya mənzilin təmirinə səbəb olan başqa hadisələr, eləcə də əşyalara ehtiyatsız münasibət nəticəsində yaranan zərər bu təminatın əhəmiyyətini artırır. Depozitin məbləği və hansı hallarda saxlanıla biləcəyi müqavilədə dəqiq göstərilməlidir.

Mənzildə yaşayacaq şəxslərin sayı da əvvəlcədən müəyyənləşdirilib sənədə daxil edilməlidir. Bu, əmlakın vəziyyətinə və kommunal xərclərə təsir göstərə bilər. Kirayəçi müqavilə müddəti bitmədən çıxarsa, icarə haqqını və ya kommunal borcları ödəməzsə, yaxud onun təqsiri üzündən əşyalara zərər dəyərsə, razılaşdırılmış şərtlər əsasında depozitdən məbləğ tutula bilər. Müqavilədə depozitin nə vaxt və hansı qaydada qaytarılacağı da ayrıca yazılmalıdır.