QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) rəhbəri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarında olub.

Səfər zamanı Gürcüstan Dəmir Yollarının rəhbərliyi ilə iki ölkə arasında daşımaların çevik təşkili və sərhəd-keçid əməliyyatlarının sürətləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Stansiyalarda qatarların qəbulu, emalı və yola salınması, eləcə də mövcud infrastrukturun imkanları nəzərdən keçirilib.

Danışıqlarda Azərbaycan–Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid vaxtının azaldılması, gömrük və sərhəd nəzarətinin optimallaşdırılması, hərəkətin fasiləsizliyinin qorunması və vaxt itkilərinin aradan qaldırılması əsas yer tutub.

Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili, qatarların hərəkətinin uzlaşdırılması və əməliyyatların təkmilləşdirilməsi üzrə görülən işlər də diqqət mərkəzində olub. Tərəflər əməliyyat mexanizmlərinin yenilənməsinin, texniki prosedurların sadələşdirilməsinin, təkrarlanan işlərin aradan qaldırılmasının və məlumat mübadiləsinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə əvvəlki razılaşmaların icra vəziyyəti də qiymətləndirilib. Böyük Kəsik–Tbilisi–Böyük Kəsik xəttində qatarların fasiləsiz hərəkətinin təşkili və vaqonlara texniki baxış qaydalarının optimallaşdırılması üzrə müsbət nəticələrin əldə olunduğu bildirilib.

Azərbaycan və Gürcüstan dəmir yolları arasında əvvəl bağlanmış razılaşmalar əsasında tətbiq edilən yeni əməliyyat üsulları yük qatarlarının sərhədi keçmə müddətini iki dəfə azaltmağa imkan verir. ADY-nin bu sahədəki tədbirləri iki ölkə arasındakı dəmir yolu əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq yük daşımalarının sürətinin artırılmasına, tranzit vaxtının qısaldılmasına və Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib.