QafqazNews Manset.az-a istinadən xəbər verir ki, sahibkarlara külli miqdarda ziyan vurmaqda təqsirləndirilən Nadir Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun rəhbərlik etdiyi hazırlıq iclasında təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib. Məhkəmə onun barəsindəki həbs olmayan qətimkan tədbirini həbslə əvəzləyib və işi baxışa qəbul edib. Nadir Allahverdiyev məhkəmə zalında həbs edilib. İlk məhkəmə baxışı noyabrın 23-nə təyin olunub.
İttihama əsasən, Allahverdiyev spirtli içki və ət satışı ilə məşğul olan şəxslərdən məhsul götürüb, satışını həyata keçirib, lakin əldə olunan pulu qaytarmayıb. Nəticədə zərərçəkənlərə 300 min manatadək ziyan dəydiyi bildirilir.
İstintaq müddətində təqsirləndirilən şəxs zərərçəkənlərə 40 min manat ödəyib. Həmin dövrdə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Zərərçəkən kimi “Polad SR” MMC, “Organic Line” QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC və Kamran İsayev tanınıb.
Nadir Allahverdiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə — külli miqdarda törədilən dələduzluqda ittiham irəli sürülüb.