QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanda elektrik enerjisi və təbii qaz üçün tətbiq edilən diferensial tariflər istehlak həcmi əsasında hesablanır. Bununla belə, eyni miqdarda enerji sərf edən ailələrin maddi vəziyyəti fərqli ola bilər. Yüksək gəlirli ailələr də, minimum əməkhaqqı və ya pensiya ilə yaşayanlar da eyni tariflərlə üzləşirlər. Bu səbəbdən kommunal ödənişlərin sosial ədalət prinsipi ilə tənzimlənməsi məsələsi gündəmə gəlib.

Tariflər müəyyən edilərkən ailələrin gəlirinin də nəzərə alınması mümkün ola bilərmi?

İqtisadçı Natiq Cəfərli bu mövzunun uzun müddətdir müzakirə edildiyini bildirib. O, diferensial tariflərlə yanaşı, regionlarda, xüsusən dağ rayonları və kəndlərində yaşayanlar üçün ayrıca tariflərin müəyyənləşdirilməsinin də müzakirə olunduğunu qeyd edib.

Cəfərlinin sözlərinə görə, belə bir qərar üçün ayrıca qanunvericilik aktının qəbul edilməsinə ehtiyac yoxdur. O bildirib ki, məsələ Nazirlər Kabineti yanında Tarif Şurasının səlahiyyətindədir və mövcud qanunvericilik bazası müvafiq qərar qəbul etməyə imkan verir.

İqtisadçı qərarın qəbul olunub-olunmayacağını indidən deməyin çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə qərar Tarif Şurasından asılıdır.