QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Lənkəran rayonunda ova çıxan 64 yaşlı Ramiz Əliyevin meyiti aşkarlanıb.

Cansız bədən rayonun Ürgə kəndi ərazisindəki qamışlıqda tapılıb. Onun 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev olduğu müəyyənləşdirilib.

İlkin məlumata əsasən, Əliyev iki gün əvvəl ov etmək üçün həmin əraziyə yollanıb, lakin geri dönməyib. Daha sonra onun axtarışına başlanılıb.

Meyitə baxış zamanı baş nahiyəsində xəsarət qeydə alınıb. Daxili və xarici müayinələrin aparılması üçün cəsəd Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə göndərilib. Ölümün səbəbi ekspertiza rəyindən sonra müəyyən ediləcək.

Hadisə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi açılıb. İbtidai istintaq davam edir.