QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Macarıstan Yasberen şəhərində Rubik kubunun istehsalını bərpa edib. Yeni avtomatlaşdırılmış xətt hər il bir milyon kub hazırlaya biləcək.

İstehsalat sahəsinin açılışında tapmacanın yaradıcısı, 82 yaşlı Erno Rubik də olub. Kubların yığılması və işləkliyinin yoxlanması robot qollar vasitəsilə aparılacaq.

Erno Rubik bu tapmacanı 1974-cü ildə Budapeştdə dizayn dərsi zamanı yaradıb. Üçölçülü konstruksiyanı hazırlayarkən 27 taxta blokdan istifadə edib.

Kub 1977-ci ildə Macarıstan bazarında “Sehrli Kub” adı ilə satışa çıxarılıb və qısa müddətdə dünyada geniş yayılıb. 1980–1983-cü illərdəki ilk böyük satış artımı dövründə təxminən 200 milyon ədəd satılıb.