QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakı şəhərinin 2040-cı ilədək Baş Planı paytaxtın iqtisadi və şəhərsalma quruluşunda uzunmüddətli dəyişikliklərin əsasını formalaşdırır. Sənədin icrası yaşayış keyfiyyətinin yaxşılaşdırılması, torpaqdan səmərəli istifadə və daşınmaz əmlak bazarında proqnozlaşdırıla bilən mühitin yaranması baxımından əhəmiyyət daşıyır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov Baş Planın daşınmaz əmlak və torpaq bazarına mümkün təsirlərini şərh edib. Onun sözlərinə görə, sənəd paytaxtın müxtəlif hissələrində nəqliyyat əlaqələrinin, yaşayış məkanlarının və yerli iqtisadi fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Binəqədi rayonunun yeni inkişaf sahələrində təxminən 75 min nəfər üçün əlavə yaşayış imkanı göstərilib. İbrahimov bildirib ki, həmin istiqamətdə torpaq alarkən nəqliyyat qovşaqlarına məsafə, tikinti təyinatı, kommunal infrastruktur və hüquqi sənədlər nəzərə alınmalıdır.

Şərq istiqamətində Zığ və Hövsanda yaşayış və sahilyanı inkişaf ön plana çıxır. Baş Planda Zığ üçün təxminən 11 min, Hövsan üçün isə 23 min nəfərlik əlavə yaşayış potensialı qeyd olunub. Bu ərazilərdə torpaq imkanları araşdırılarkən sahilyanı mühafizə zolaqları, ekoloji məhdudiyyətlər və təyinat məsələləri də qiymətləndirilməlidir.

Mərdəkan, Qala, Buzovna və Zirə isə yaşayış, xidmət və istirahət infrastrukturu baxımından diqqət çəkən ərazilər sırasındadır. Sənəddə Qala üzrə 40 168, Mərdəkan üzrə 18 839, Buzovna üzrə 14 min, Zirə üzrə isə 7 200 nəfərlik əlavə yerləşdirmə imkanı müəyyən edilib. Müşavir torpaq alışı zamanı yalnız hazırkı qiymətə deyil, gələcək nəqliyyat bağlantılarına, kommunal təminata, tikinti sıxlığına və real tələbat səviyyəsinə də baxılmasının vacibliyini vurğulayıb.

İbrahimovun diqqət çəkdiyi digər məsələ köhnəlmiş yaşayış fondunun yenilənməsidir. Yasamal, Nəsimi, Nərimanov, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında istismar müddətini başa vurmuş, texniki durumu qənaətbəxş olmayan və müasir yaşayış standartlarına cavab verməyən binaların yenilənməsi zərurəti olduğunu bildirib.

O qeyd edib ki, söküntü zamanı sakinlərin əmlakı bazar dəyərinə uyğun qiymətləndirilməlidir. Ödəniləcək kompensasiya həmin şəxslərə yaşadıqları əraziyə yaxın alternativ mənzil almaq imkanı yaratmalıdır. Qiymətləndirmədə mənzilin sahəsi, ünvanı, mərtəbəsi, texniki durumu, ətrafdakı infrastruktur, bazar analoqları və digər dəyər göstəriciləri nəzərə alınmalıdır. Bütün əmlaklara vahid kompensasiya tətbiqini isə iqtisadi cəhətdən əsaslı saymayıb.

AQC sədrinin müşaviri Baş Planın torpaq bazarında yeni investisiya marağı yarada biləcəyini, lakin bütün torpaqların eyni templə bahalaşacağı nəticəsinin çıxarılmamalı olduğunu deyib. İnvestorlar üçün mülkiyyət hüququ və çıxarış, Baş Plan üzrə funksional zona, təyinat və tikinti hüququ mühüm şərtlərdir.

İbrahimovun sözlərinə görə, sənaye təyinatlı torpağın yaşayış və ya kommersiya məqsədilə istifadəsini əvvəlcədən mümkün hesab etmək olmaz; bunun üçün şəhərsalma və hüquqi prosedurlar başa çatmalıdır. Nəqliyyat və mühəndis-kommunikasiya xətlərinin mövcudluğu, eləcə də gələcək yaşayış və kommersiya tələbatı da dəyərləndirilməlidir. Torpağın indiki bazar dəyəri ilə inkişaf potensialı ayrıca hesablanmalı, hələ həyata keçirilməmiş layihələrə dair gözləntilər mövcud qiymətə avtomatik əlavə edilməməlidir.

Asif İbrahimov gələcək inkişaf baxımından Lökbatan–Xocahəsən, Sabunçu-Zabrat, Binəqədi-Biləcəri, Zığ-Hövsan və Mərdəkan-Qala istiqamətlərinin daha ətraflı araşdırılmasını vacib sayıb. Onun fikrincə, qarşıdakı illərdə əsas məsələlərdən biri şəhərsalma qərarlarının iqtisadi dəyərə təsiridir. Düzgün planlaşdırma, şəffaf torpaq bazarı və obyektiv əmlak qiymətləndirilməsi bir-biri ilə bağlıdır; bu prosesdə peşəkar qiymətləndirmənin əhəmiyyəti artacaq.