QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Microsoft-un Outlook, Teams və Copilot xidmətlərində 74 ölkə və ərazidə istifadəçilərə təsir edən genişmiqyaslı kəsilmə qeydə alınıb.

Downdetector platformasının məlumatına əsasən, ABŞ-nin Şərq vaxtı ilə saat 13:00-dan, Bakı vaxtı ilə 22:00-dan sonra 130 minə yaxın istifadəçi Outlook-da problemlə qarşılaşdığını bildirib.

Axşam saatlarında şikayətlərin sayı təxminən 37 minə düşsə də, nasazlıqlar tam aradan qaldırılmayıb.

Microsoft nümayəndələri yaranmış vəziyyəti infrastrukturun həddən artıq yüklənməsi ilə əlaqələndiriblər. Bu səbəbdən Microsoft 365 xidmətlərinə qoşularkən xətalar baş verib.

Şirkət yeniləmələrin tətbiqini dayandırıb, əlavə trafiki başqa istiqamətə yönəldib və təsirlənmiş serverləri yenidən başladıb. Buna baxmayaraq, cümə günü səhər Microsoft görülən tədbirlərin yetərli olmadığını bildirib və xidmətləri tam bərpa etmək üçün alternativ həllər axtardığını açıqlayıb.