QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Milli Məclisin növbəti iclası noyabrın 24-də keçiriləcək. Gündəliyə 10 məsələ salınıb.

Deputatlar Xəzər dənizinin Azərbaycan sektorundakı Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair yenilənmiş sazişin qəbul və təsdiqini, həmçinin icrasına icazə verilməsini nəzərdə tutan qanun layihəsinə baxacaqlar. Sənəd Dövlət Neft Şirkəti, “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” arasında imzalanıb.

Gündəliyə, həmçinin “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulma məsələsi daxildir. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Miqrasiya Məcəlləsinə, eləcə də Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə dəyişikliklər ikinci oxunuşda nəzərdən keçiriləcək. Eyni mərhələdə Mülki Məcəlləyə və torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı qanuna, habelə Mülki Məcəllə ilə qeyri-hökumət təşkilatları barədə qanuna dəyişiklik layihələri müzakirə olunacaq.

Birinci oxunuşda “Maraqlar toqquşması haqqında” qanun layihəsi, məhkəmə ekspertizası fəaliyyəti haqqında qanuna dəyişikliklər və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə düzəlişlər təqdim ediləcək.