QafqazNews Interfax-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Kiber Təhlükəsizlik və Xüsusi Əməliyyatlar Komandanlığı bir sıra ölkələrə, o cümlədən Rusiyaya, Çinə, İrana və Şimali Koreyaya qarşı hücum xarakterli kiberəməliyyatlar aparır.
Komandanlığın rəhbəri general Robert Magovan Sky News-ə verdiyi müsahibədə belə əməliyyatlar apardıqlarını təsdiqləyib: “Əlbəttə — və bunu gizlətmirik”, — deyə o, Britaniyanın belə əməliyyatlar həyata keçirib-keçirməsi barədə sualı cavablandırarkən bildirib.
Magovan əməliyyatların hədəflərinə dair sualə cavabında qeyd edib ki, “dünyada bir sıra təhdidlər mövcuddur və biz açıq-aydın bildirmişik ki, Rusiya, Çin, İran və Şimali Koreya bizim həyat tərzimiz üçün təhdiddir”.
Onun fikrincə, Britaniya ciddi kibertəhlükələrlə üz-üzədir və bu təhdidlərə “təhdidə qarşı təhdid” prinsipi ilə cavab vermək niyyətindədir.
Məqalədə bildirilir ki, Milli Kiber Qüvvələri (NCF) 2020-ci ildə hücum xarakterli kiberəməliyyatlar aparmaq məqsədilə yaradılıb, lakin bu xüsusi bölmənin fəaliyyəti barədə ətraflı məlumat nadir hallarda açıqlanır. Sky News əlavə edib ki, yüksək rütbəli britaniyalı hərbçilər və rəsmilər məxfi kiberəməliyyatlar haqqında açıq danışmağa çox nadir hallarda üstünlük verirlər.