QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux korrupsiya iddiaları ilə əlaqədar vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.
Dövlət başçısı noyabrın 17-də xalqa müraciətində prezidentlik səlahiyyətlərini təhvil verəcəyini və onun barəsində aparılacaq istintaqa əməkdaşlıq edəcəyini açıqlayıb.
İstefa qərarına səbəb Xurelsuxun 2019-cu ildə baş nazir olduğu vaxt dəmir yolu layihəsi ilə bağlı 25 milyon dollar rüşvət almaqda ittiham olunmasıdır. Bu iddianı Ulan-Batorun keçmiş meri Xişgee Nyambaatar irəli sürüb.
İttihamlar Tavantolqoy-Qashuunsuxayt dəmir yolu layihəsi ilə bağlıdır. İddialara əsasən, layihənin icrasına dair müqavilə açıq rəqabətli tender olmadan “Bodi International” şirkətinə verilib, bunun qarşılığında isə yüksək vəzifəli şəxslərə ödəniş edilib.
Xurelsux dövlət vəsaitini mənimsəmədiyini deyərək ittihamları qəbul etməyib. O, bir aydan çoxdur nüfuzuna qarşı hücumların davam etdiyini bildirib və həqiqətin müəyyənləşməsi üçün vəzifəsini təhvil verməyə razı olduğunu qeyd edib.
“Xalqımdan və dövlətimdən heç vaxt oğurluq etməmişəm. Prezidentlik vəzifəmi təhvil verərək adi vətəndaş olacağam”, - deyə Xurelsux bildirib.
Prezidentin istefası parlamentin razılığından sonra rəsmiləşə bilər. Parlament qərar verənədək onun səlahiyyətlərinə xitam verilmiş sayılmır.