QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda sabiq məmur Anar Şirinov avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanılıb.
“Mercedes” markalı avtomobilin sürücüsü dönmə işıqlarını yandırmadığı üçün polis tərəfindən saxlanılıb. Yoxlama zamanı onun sərxoş olduğu üzə çıxıb. Şirinov alkotesterə qaydalara uyğun nəfəs verməyib və polisin qanuni tələblərinə qəsdən əməl etməyib. O, həmçinin əməkdaşlarla mübahisə edib.
Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb, sürücü isə 5-ci Polis Bölməsinə aparılıb. Anar Şirinov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 150 manat cərimələnib. Sərxoş halda avtomobil idarə etməsi ilə bağlı ona ayrıca inzibati məsuliyyət tədbiri tətbiq edilib.
Şirinov əvvəllər müxtəlif dövlət qurumlarında, o cümlədən diplomatik korpusda və keçmiş Nəqliyyat Nazirliyində işləyib. Hazırda özəl sektorda fəaliyyət göstərən şirkətlərdən birinin direktorudur.