QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın rəqəmsal xidmətləri daha proaktiv səviyyəyə çatdırmaq niyyəti var. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan-İtaliya biznes forumunda keçirilən paneldə danışıb.

Osmanovun sözlərinə görə, Agentlik bu istiqamətdə dövlət qurumları ilə birgə fəaliyyət göstərir. O, süni intellektin proseslərin optimallaşdırılması ilə yanaşı, səmərəliliyi və effektivliyi artırdığını, iqtisadiyyat üçün də geniş imkanlar yaratdığını vurğulayıb. Onun fikrincə, bu texnologiyanın infrastruktura, insan resurslarına, eləcə də vətəndaşlara və biznesə göstərilən xidmət proseslərinə tətbiqi mühüm əhəmiyyət daşıyır.

Agentlik rəhbəri istehsalatda süni intellektdən istifadə üçün böyük potensial olduğunu da qeyd edib. O bildirib ki, innovasiya sahəsində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq nəticəsində geniş qanunvericilik islahatı həyata keçirilib.

Osmanovun açıqlamasına əsasən, 2027-ci il yanvarın 1-dən beynəlxalq şirkətlər Azərbaycanda fəaliyyət göstərə, buradan xidmət təqdim edə, ölkənin imkanlarından sınaq platforması kimi yararlana və İKT məhsullarının ixracını artıra biləcəklər. Şirkətlər üçün 20 il müddətinə vergi tətili, həmçinin işçilərin gəlir vergisi və korporativ vergi üzrə güzəştlər nəzərdə tutulur.

O, texnopark rezidentliyi imkanlarının proqram təminatı istehsalından əşyaların interneti, avadanlıqların yığılması, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərinə qədər genişləndirildiyini bildirib. Osmanov İtaliya şirkətlərinin Azərbaycanı bizneslərini inkişaf etdirmək üçün mümkün növbəti bazar kimi nəzərdən keçirə biləcəyini deyib.