QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının XII turunda keçirilən qarşılaşma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün yubileylə yadda qalıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, “Kəpəz”lə oyun onun məşqçilik fəaliyyətində 900-cü, “Qarabağ”ın başında isə 850-ci matç olub. Qurbanov “Neftçi”də 38, Azərbaycan millisində isə 12 qarşılaşmada çalışıb.
Mütəxəssisin 900 oyunluq karyerasının 598 matçı Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda keçirilib. Millidəki 12 görüş də daxil olmaqla, rəhbərlik etdiyi komandalar 520 dəfə qalib gəlib, 208 heç-heçə edib, 172 məğlubiyyət alıb.
“Qarabağ”la keçirdiyi 850 matçın 570-i Premyer Liqaya, 80-i kubok yarışlarına, 200-ü isə qitə turnirlərinə təsadüf edib. Bu görüşlərdə komanda 491 qələbə qazanıb, 197 dəfə heç-heçə edib və 162 dəfə uduzub.
İki tur sonra Qurbanov Premyer Liqada 600-cü oyununa çıxacaq. Onun həm baş məşqçi karyerasındakı, həm də “Qarabağ”dakı ilk matçı bu turnirdə olub. 2006-cı il avqustun 6-da “Neftçi”nin baş məşqçisi kimi “Gənclərbirliyi”ni evdə 6:1 hesabı ilə məğlub etdikləri görüşdə debüt edib. 2008-ci il avqustun 9-da isə “Qarabağ”la ilk oyununu “Bakılı”ya qarşı səfərdə keçirib və komanda 2:1 hesabı ilə qalib gəlib.