QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.
Görüşdə dövlət başçısı Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni xatırladıb. O, iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.
İlham Əliyev bu il İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfərinə də toxunub. Səfər zamanı siyasi əlaqələr, iqtisadiyyat, ticarət və ikitərəfli gündəliyin digər məsələləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd edib. Prezident İtaliya rəhbəri Sercio Mattarellanın Azərbaycana, özünün isə İtaliyaya səfərlərinin əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, yüksək səviyyəli münasibətlər iqtisadi əməkdaşlığa da müsbət təsir göstərir. O, bu sahədə əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib və böyük həcmli sərmayələrin əhəmiyyətini qeyd edib.
İlham Əliyev İtaliyanın Azərbaycanın enerji sahəsində əsas ticarət tərəfdaşı olduğunu bildirib. Azərbaycanın İtaliya enerji bazarında mövqeyini genişləndirdiyini, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini deyib. Prezident müxtəlif sahələrdə Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da müsbət qiymətləndirib.
Təhsil sahəsindəki əməkdaşlıqdan danışan Prezident ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladıb. Açılışda İtaliya Prezidenti iştirak edib. İlham Əliyev Tayaninin səfərinin uğurlu keçəcəyinə və strateji münasibətləri daha da gücləndirəcəyinə ümid etdiyini bildirib.
Antonio Tayani iki ölkədə fəaliyyət göstərən Azərbaycan və İtaliya şirkətlərinin sayının artırılmasında maraqlı olduqlarını söyləyib. O, Azərbaycanın regional sabitlik baxımından İtaliya üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib və ölkəsinin Azərbaycan-Avropa İttifaqı, eləcə də Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.
Tayani bir müddət əvvəl İranda baş verən hadisələr zamanı İtaliya səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılan şəraitə görə təşəkkür edib.
Tərəflər biznes sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, oktyabrda Romada imzalanmış kritik xammal üzrə strateji əməkdaşlığa dair Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıblar. İqtisadi-ticari əlaqələr, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın nəqliyyat bağlantılarındakı strateji rolunun artması, regiondakı proseslər, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsi də müzakirə olunub.