QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, yolkaların satış qiyməti onların ölçüsündən, hazırlandığı materialdan və keyfiyyətindən asılı olaraq dəyişir.
Stolüstü suvenir ağacları 5-15 manata satılır. Daha iri modellərin qiyməti 40 manatdan başlayır və 200 manatı ötə bilir. Bazarda yüksək keyfiyyətli, böyük ölçülü yolkalar isə daha baha təklif olunur. Onlayn platformalarda 180 santimetrlik modellərin qiyməti 300 manatdan başlayır, bəzi nümunələrdə 2 min manatadək yüksəlir.
Üç metrlik yolkalar əsasən 1000-1500 manata, ayrı-ayrı modellər isə təxminən 2000 manata təklif edilir. Beş metr hündürlüyündə olan ağaclardan birinin onlayn satış qiyməti 6 min manatdır. Ümumən, 4-5 metrlik yolkaların qiyməti 3-6 min manat aralığındadır.
Təbii ağaclar daha yüksək qiymətə satılır. Hündürlüyü 1,5 metrədək olan təbii yolkanı ən azı 400-450 manata almaq mümkündür.
Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə nəzərəçarpan artım qeydə alınıb. Ölçü, görünüş və keyfiyyətdən asılı olaraq bəzi modellər 25-30 faiz bahalaşıb. Satıcılar bunu xaricdən gətirilmə zamanı yaranan əlavə xərclər və alış qiymətlərinin artması ilə izah edirlər. Mağaza sahibləri də yolkaların əvvəlki illərdən baha olduğunu bildirirlər.
Bayram ərəfəsində qiymətlərin bir qədər də yüksələcəyi ehtimal edilir. Bununla belə, yüksək qiymətlər alıcı marağına təsir göstərməyib və müxtəlif ölçülü, fərqli modellərə tələbat yüksək olaraq qalır.