QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda satışa qoyulan 1983-cü il istehsalı “LADA (VAZ) 2106” avtomobili 89 777 manat qiymətləndirilib. Elanı şəhərdə fəaliyyət göstərən avtosalonlardan biri yerləşdirib.

Yerli bazarda standart “VAZ-2106” modelləri, istehsal ili və texniki durumundan asılı olaraq, əsasən 3 000–8 000 manat aralığında təklif olunur. Yüksək qiymətlər adətən kolleksiya əhəmiyyəti olan, ideal vəziyyətdə qorunmuş nadir avtomobillərə şamil edilir. Elandakı məbləğ bu kateqoriyadakı nümunələr üçün də rekord göstərici sayılır.

Elanın məlumatına görə, göy rəngli sedanın qiymətinə təsir edən əsas məqam onun az yürüşü və qorunma vəziyyətidir. Rusiya bazarı üçün 43 il əvvəl istehsal edilmiş avtomobil indiyədək cəmi 2 200 kilometr yol gedib.

Satıcı maşının qəza keçirmədiyini, üzərində zavod boyasının qaldığını və yenidən rənglənmədiyini bildirib. Avtomobil 69 at gücündə, 1,3 litrlik benzin mühərriki, mexaniki sürətlər qutusu və arxa ötürücü ilə təchiz edilib.