QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa rəhbər dəyişikliyindən sonra qurumlarda əməkdaşların işdən çıxarılmasını tənqid edib və kadr qərarlarında peşəkarlığın əsas götürülməli olduğunu bildirib.

Azərbaycanda yeni rəhbər təyinatları ilə yanaşı, həmin qurumlarda çalışan bəzi şəxslərin vəzifədən azad edilməsi halları da qeydə alınır. Bu dəyişikliklərin səbəbləri müxtəlif cür izah olunsa da, qərarların hansı meyarlarla verildiyi sual doğurur.

Fazil Mustafa bildirib ki, rəhbər dəyişəndən sonra əməkdaşların işdən çıxarılması “bir növ sağalmaz xəstəlikdir”. Deputatın sözlərinə görə, belə hallarda məmurun qorunması prinsipi çox vaxt pozulur.

“Yeni rəhbər dəyişəndə, təbii ki, məmur və təcrübə prinsipinə xüsusi diqqət yetirilməlidir. Məmurun şəxsiyyətinə dəyər verilməli, ona hörmətlə yanaşılmalıdır. Uyğun olmayan şəxslərin hansısa vəzifəyə gətirilməsinin qarşısını almaq üçün yeni kadrlarla işləmək olar, amma yeni kadrın ‘mənim adamımdır’ və ya ‘başqasının adamıdır’ prinsipi ilə seçilməsi düzgün deyil”, — deputat qeyd edib.

Fazil Mustafa vurğulayıb ki, məsələ dəfələrlə gündəmə gətirilsə də, hələ də lazımi səviyyədə həll olunmayıb. O əlavə edib ki, bu cür hallarda ən layiqli kadrların itirilməsi təəssüf doğurur.