QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Avropa dövlətlərinin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara qatılmasını dəstəkləmir. Bu mövqeyi qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Zaxarova bildirib ki, “Könüllülər koalisiyası”nın Ukrayna ilə bağlı müzakirələrin bərpası ərəfəsində hərbi təlimlər keçirmək niyyəti Avropa ölkələrinin danışıqlar prosesində yeri olmadığını göstərir.
Onun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna təmsilçilərinin münaqişənin həlli üzrə məsləhətləşmələri Əbu-Dabidə yenidən başlamazdan qabaq planlaşdırılan hərbi təlimlər rəmzi məna daşıyır. Zaxarova Qərbi Rusiyanın təhlükəsizlik sahəsindəki qanuni narahatlıqlarını nəzərə almamaqda və gərginliyin artmasına zəmin yaratmaqda ittiham edib.
Rusiya XİN rəsmisi London və Parisin Ukraynaya çoxmillətli hərbi kontingent göndərməklə Moskva ilə qarşıdurmanı davam etdirmək və Rusiyanı hərbi məğlubiyyətə uğratmaq niyyətində olduğunu iddia edib.
Zaxarova vurğulayıb ki, xarici hərbi qüvvələrin Ukraynada yerləşdirilməsi, hansısa koalisiyanın və ya başqa birliyin himayəsi altında həyata keçirilməsindən asılı olmayaraq, Moskva üçün qəbuledilməzdir. O, bunu hərbi müdaxilə və Rusiyanın təhlükəsizliyinə əlavə təhdid yaradılması kimi qiymətləndirib.
Rusiya XİN nümayəndəsi xəbərdarlıq edib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisindəki istənilən xarici hərbi birləşməni qanuni hədəf sayır. Zaxarovanın sözlərinə görə, gərginliyin daha da yüksəlməsinə görə məsuliyyət Rusiyaya qarşı hərbi addımlar hazırlayan tərəflərin üzərinə düşəcək.