QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Şərif müraciətində Pakistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adından Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin ildönümü münasibətilə təbriklərini çatdırıb.

O bildirib ki, bu tarix Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda xalqın nümayiş etdirdiyi cəsarəti, birlik və qətiyyəti əks etdirir. Baş nazirin sözlərinə görə, Azərbaycan tarixi qələbəsinin nəticələrini yenidənqurma, inkişaf və əhalinin rifahı naminə səfərbər edir. O, İlham Əliyevin uzaqgörən rəhbərliyinin bu nailiyyətdə mühüm rol oynadığını vurğulayıb.

Şahbaz Şərif Pakistanın Azərbaycanla qarşılıqlı etimada, ortaq dəyərlərə və qardaşlıq bağlarına əsaslanan münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. O, əlaqələrin yaxın gələcəkdə güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlığa çevrilməsi istiqamətində öhdəliyin davam etdiyini qeyd edib.

Baş nazir İlham Əliyevin qarşılıqlı razılaşdırılmış münasib vaxtda Pakistana səfərini gözlədiklərini də bildirib. Onun fikrincə, İslamabada səfər ikitərəfli, regional və qlobal məsələlərin müzakirəsi, eləcə də strateji və iqtisadi əməkdaşlığı gücləndirəcək qarşılıqlı faydalı təşəbbüslərin başladılması üçün imkan yaradacaq.

Təbrikin sonunda Şərif Azərbaycan Prezidentinə cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıb.