QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri zamanı “Azersun Holding”in rəhbər heyəti ilə görüşüb.

İki gün davam edən səfər çərçivəsində şirkətin Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər şəxslərlə müzakirələr aparılıb. Tərəflər əməkdaşlığın indiyədək əldə olunan nəticələrini nəzərdən keçirib, tərəfdaşlığın genişləndirilməsi imkanlarını və qarşıdakı dövr üçün strateji məqsədləri müzakirə ediblər.

Proqrama daxil olan bazar ziyarəti zamanı Ülker Azərbaycanın pərakəndə satış bazarındakı vəziyyətlə tanış olub. Həmçinin “Ülker” markasının ölkə bazarında necə təmsil olunduğu barədə məlumat əldə edib.

Görüşlərdə uzunmüddətli, qarşılıqlı etimad üzərində qurulan işgüzar münasibətlərin önəmi qeyd edilib. Mövcud əməkdaşlığın daha da irəli aparılması ilə bağlı fikir mübadiləsi aparılıb.

“Azersun Holding” ilə “Ülker”in əməkdaşlığı 2019-cu ildən davam edir. Azərbaycanda “Ülker”in rəsmi distribütoru olan “Azersun Holding” markanın müxtəlif məhsullarını ölkə üzrə paylayır və istehlakçılara çatdırır.