QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda həyat yoldaşını öldürərək evinin həyətində basdırmaqda təqsirli bilinən Elmira İbrahimovanın apellyasiya şikayəti üzrə qərar çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü dəyişmədən saxlayıb.
Hakim Mehriban Qarayevanın sədrlik etdiyi yekun iclasda qəbul edilən qərarla bağlı cinayət işinə əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı bildirilib. Həmin prosesə hakim Səbinə Məmmədzadə rəhbərlik edib. Prokuror İbrahimovaya 12 il 6 ay həbs cəzası verilməsini istəyib, məhkəmə də bu müddətə azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə əlaqədar ailəsi 2024-cü il dekabrın 24-də polisə müraciət edib.
Polis və prokurorluğun birgə apardığı əməliyyat-istintaq tədbirləri zamanı Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürüldüyü və cəsədinin evin həyətində torpağa basdırıldığı müəyyənləşib. Şübhəli bilinən Elmira İbrahimova saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi əsasında cinayət işi başlanıb və qadına ittiham irəli sürülüb.
Məhkəmədə verdiyi ifadədə təqsirləndirilən şəxs ərini ona işgəncə verdiyi üçün öldürdüyünü deyib. O, meyiti həyətdə qazdığı quyuda basdıraraq 11 ay gizlətdiyini bildirib.