QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni Nadir Qafarzadə özünü yaxşı hiss etmədiyini və son vaxtlar yükləndiyini bildirib. O, ətrafındakıların işdən və cəmiyyətdən yorulduğunu müşahidə etdiyini, bəzən haqlı olsa belə insanların həqiqəti qəbul etmədiyini deyib.

Qafarzadə bildirib ki, insan başa düşülməyəndə özünə qapanaraq nəyisə düzgün etmədiyini düşünür. Onun sözlərinə görə, bəzi hallarda həqiqəti söyləmək doğru olmaya bilər.

Müğənni keçmişdə maddi imkanlarının məhdud olduğu vaxtları xatırladıb. O qeyd edib ki, çörək almağa pulunun olmasına şükür edir, ehtiyacı olmayanda isə başqasından kömək istəməməyə çalışırdı. Qafarzadə alma ilə çörək yediyi günlərin dadını indi kürü yeyərkən belə tapa bilmədiyini, həmin vaxt anasının yanında olmasının və sevgisinin ona doyum verdiyini söyləyib.

O, insanlara edilən yaxşılığın hər zaman qiymətləndirilmədiyini də vurğulayıb. Avtomobilini saxlayarkən nəzarətçiyə imkan daxilində bir manat verdiyini, daha çox pul verməyin isə insanı buna öyrəşdirə biləcəyini bildirib.

Qafarzadə telefonların insanları bir-birindən uzaqlaşdırmasından da narazılığını ifadə edib. Onun fikrincə, əvvəlki qonaq gedib-gəlmək ənənəsi zəifləyir, insanlar bir çox işi telefonla görür və bunun nəticəsində həyat maraqsızlaşır.