QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Onlar xüsusilə külli miqdarda dələduzluq və digər cinayətlərdə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda hökm elan edilib. Şəlalə Həsənovanın rəhbərlik etdiyi məhkəmə kollegiyası müttəhimi irəli sürülmüş ittihamlar üzrə təqsirli bilib.

Qərara əsasən, Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məhəmmədova şərti cəza təyin olunub. Həbs qoyulmuş Nabrandakı “Atlant” İstirahət Mərkəzi də müsadirəyə verilib.

Vəkil Ceyhun Yusifov hökm barədə məlumatı təsdiqləyib.

Nofəl Hacıyev “Atlant”ın rəhbəri Tahir Qədəşovun kürəkəni və istirahət mərkəzinin şərikidir. İttihamda onun vətəndaşlardan əldə edilən 14 milyon manatı “Atlant”da təmir və tikinti işlərinə yönəltdiyi bildirilir. Hacıyev isə bu məsələdə qayınatası Tahir Qədəşovu ittiham edib. Hər ikisi istirahət mərkəzinin şərikləri olub.