QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniya imperiyasının ilk kansleri Otto fon Bismarkın uzaq qohumu, 75 yaşlı Aleksandr fon Bismarka noyabrın 4-də Kremldə Puşkin medalı təqdim olunub. Mükafatı Rusiya Prezidenti təqdim edib.

Rusiya Federasiyasının dövlət mükafatı mədəniyyətlər, millətlər və xalqlar arasında yaxınlaşma və qarşılıqlı zənginləşməyə verdiyi böyük töhfəyə görə verilir.

Təltifetmə mərasimində çıxış edən Aleksandr fon Bismark minnətdarlığını bildirərkən “dəmir kansler”ə aid edilən “Almaniya ilə Rusiya dostluq edəndə Avropa rahat olur” ifadəsini işlədib.

Tarixçilərin və tədqiqatçıların araşdırdıqları Otto fon Bismarkın çıxışlarında, sənədlərində, məktublarında və xatirələrində bu sözlərə rast gəlinmir. “Almaniya ilə Rusiyanın münasibətləri yaxşı olanda Avropada sülh hökm sürür” şəklindəki başqa variant da onun irsində yer almır. Buna baxmayaraq, Rusiya dövlət mediası ifadəni dərhal gündəmə gətirib.

Aleksandr fon Bismark Almaniyada Moskva ilə yaxın münasibətlərinə görə dəfələrlə tənqid edilib. 2023-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Almaniya-Rusiya vətəndaş cəmiyyətləri forumu “Peterburq dialoqu” fəaliyyətini dayandırıb. Bundan sonra Aleksandr fon Bismark alternativ platforma kimi “Bismark dialoqu” Rusiya-Almaniya forumunu yaradıb.

O, 1951-ci ildə Almaniyanın Şlezviq-Holşteyn federal torpağındakı Reyn bek şəhərində anadan olub. Açıq mənbələrdəki məlumatlara görə, Otto və Aleksandr fon Bismark eyni nəslin ayrı-ayrı qollarına mənsub olsalar da, onların ortaq əcdadı Otto fon Bismarkdan bir neçə əsr əvvəl yaşayıb. Beləliklə, Aleksandr fon Bismark “dəmir kansler”in birbaşa nəsil davamçısı deyil.