QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 15-də Nəsimi rayonundakı parklardan birində tapılan azyaşlı polis tərəfindən aidiyyəti üzrə təhvil verilib. Uşağın valideyni barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, hadisə ilə bağlı polis araşdırma aparıb. Onun sözlərinə görə, irəli sürülən iddialar və digər məqamlar yoxlanılıb. Dilənçiliklə məşğul olduğu və tüfeyli həyat sürdüyü bildirilən valideyn inzibati qaydada cəzalandırılıb.
“Mehriban Qadın və Uşaq Sığınacağı”nın məlumatına görə, azyaşlı atalığının davranışları səbəbindən gecəni parkda keçirib. Uşaq atası həbs olunduqdan sonra anası ilə yaşayıb. Anasının yenidən ailə qurmasından sonra isə onun çətinliklərlə üzləşdiyi, atalığının ona qarşı kobud davrandığı bildirilib.
Vəziyyətə dözə bilməyən azyaşlı gecə evdən çıxaraq parka gedib. Orada onu görən bir vətəndaş polisə məlumat verib. Polis əməkdaşları uşağı əvvəlcə xəstəxanaya yerləşdirib, daha sonra o, sığınacağa aparılıb.
Məlumata əsasən, uşağın 7 aylıq, 1 yaş 7 aylıq, 4, 7 və 12 yaşlı bacı-qardaşları var. Daha iki bacı-qardaşı isə doğuşdan sonra həyatını itirib. Azyaşlının sığınacaqda özünü təhlükəsiz hiss etdiyi və orada qalmaq istədiyi qeyd olunub.