QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan müxalif qüvvələri Azərbaycanla bağlı açıqlamalarının siyasi nəticələrini düşünməməkdə ittiham edib.
Paşinyan bunu yerli müxalifət təmsilçilərinin ötən gün keçirilmiş görüşdən sonra yayımladığı birgə bəyanatı şərh edərkən deyib. O bildirib ki, müxalifət nümayəndələri davamlı olaraq İlham Əliyev və Azərbaycan barədə danışırlar, lakin bu sözlərin doğura biləcəyi nəticələri nəzərə almırlar.
“Dəfələrlə demişəm ki, bunlar dövlətə qarşı fəaliyyət göstərən şəxslərdir. Konstitusiya dəyişikliyi referenduma çıxarılsa və xalq onu dəstəkləsə, onda nə edəcəklər? Onlar dövlət əleyhinədirlər və öz oğurluqlarını gizlətməyə çalışırlar”, - Paşinyan vurğulayıb.
Baş nazir müxalifətin “uğur şansı”nın daha yüksək görünməsi üçün görüşdə yalnız bir nəfərin iştirak etmədiyini də söyləyib. Onun sözlərinə görə, II Qaregin də toplantıda olsaydı, mənzərə bütöv görünərdi. Paşinyan həmin formatda axşam yenidən görüş keçirilsə, bazar günü “inqilab” baş verəcəyini düşündüyünü deyib.
Paşinyan Ermənistanın Azərbaycanla sülhü institusionallaşdırmaq istiqamətində işini davam etdirdiyini qeyd edib. O, konstitusiya dəyişikliyi ilə bağlı qərarın xalqın iradəsinə uyğun olacağını bir daha bildirib.