QafqazNews Manset.az-a istinadən xəbər verir ki, astroloqlar bürcləri pul qazanmaq və mövcud gəliri artırmaq qabiliyyətinə görə sıralayıblar. Reytinq hazırlanarkən maliyyə savadlılığı, ambisiya, praktik düşüncə və maddi rifaha nail olmaq imkanları nəzərə alınıb.

Sonuncu, 12-ci yerdə Balıqlar qərarlaşıb. Onlar maliyyə hesablamalarından çox ilhamla hərəkət etməyə meyillidirlər. Yaradıcılıq baxımından seçilsələr də, ideyalarını davamlı qazanca çevirməkdə, xüsusilə büdcə planlamasında çətinlik çəkə bilərlər.

Oxatanlar 11-ci, Dolçalar isə 10-cu yerdədir. Oxatanlar azadlıq və macəraya üstünlük verdiklərindən pula bəzən məsuliyyətsiz yanaşırlar. Gəlir əldə etsələr də, qazancın bir hissəsini gələcək üçün saxlamaq və xərclərə hədd qoymaq həmişə alınmır. Dolçaların fərqli düşüncəsi yeni biznes ideyaları yarada bilər, ancaq ənənəvi iş prinsiplərinə uyğunlaşmamaları maliyyə nəticələrini qeyri-sabit edir.

9-cu pillədəki Xərçənglər üçün maliyyə təhlükəsizlik və ailə rahatlığı ilə bağlıdır. Qənaətcil və ehtiyatlı olsalar da, riskdən çəkinmək onların gəlirli fürsətləri qaçırmasına səbəb ola bilər. Əkizlər 8-ci yerdədir: ünsiyyət qurmaq, sürətlə öyrənmək və paralel layihələri aparmaq onların üstünlüyüdür, lakin maraqlarının tez dəyişməsi gəlir mənbələrində davamlılığa mane olur.

Qoçlar 7-ci, Şirlər isə 6-cı sıradadır. Qoçların rəqabət ruhu və riskə hazır olması qazanc gətirə bilər, amma tələskən qərarlar maliyyə itkisinə yol aça bilər. Şirlərin ambisiyası, xarizması və liderlik bacarığı karyerada uğur qazanmağa kömək edir. Bununla belə, dəbdəbəli həyata meyil onların gəlirlərinin böyük hissəsini xərcləməsinə gətirə bilər.

Tərəzilər 5-ci yeri tutub. Onlar faydalı əlaqələr qurmaq, danışıqlar aparmaq və əməkdaşlıqlar vasitəsilə gəlir imkanları yaratmaq bacarığı ilə seçilirlər. Diplomatiya və zövq də iş həyatında üstünlük sayılır.

4-cü yerdə olan Qız bürcləri maliyyə sabitliyinə dəqiqlik, intizam və əvvəlcədən düşünülmüş strategiya ilə çatırlar. Riskləri təhlil etmək və xərcləri nəzarətdə saxlamaq onların güclü tərəfləridir.

Əqrəblər üçüncü sıradadır. Onların biznes duyumu başqalarının maneə saydığı məqamlarda fürsət görməyə kömək edir. Çətin qərarlardan yayınmamaq və uzaq perspektivə hesablanmış addımlar atmaq, xüsusilə investisiya və sahibkarlıqda, uğur ehtimalını artıra bilər.

Oğlaqlar ikinci yerdə qərarlaşıb. Böyük hədəfə çatmaq üçün uzun müddət çalışmağa hazır olan bu bürcün nümayəndələri intizamlı və məsuliyyətlidirlər. Onların maliyyə uğuru, adətən, təsadüfi bəxtdən deyil, planlı fəaliyyətdən qaynaqlanır.

Reytinqin lideri Buğadır. Praktikliyi, səbri və maddi rifaha verdiyi önəm onu ilk pilləyə yüksəldib. Buğalar pula dəyər verir, sabitliyə üstünlük verir və resursları boş yerə xərcləməkdən yayınırlar.