QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakı və İrəvana səfəri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsini yenidən gündəmə gətirib. Məlumata görə, Avropa ölkələri prosesi sürətləndirməyə və sazişin imzalanmasını Ermənistanda konstitusiya referendumu ilə əlaqələndirməməyə çalışır.

Vadeful noyabrın 17-də Bakıda Prezident İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, ertəsi gün isə İrəvana gedib. Səfər zamanı ikitərəfli əlaqələr, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də sülh prosesinin gələcək mərhələləri müzakirə olunub.

Siyasi şərhçi Mehman Əliyev bildirib ki, Almaniya XİN rəhbərinin səfəri və açıqlamaları Avropanın sazişin imzalanmasını referendumun nəticəsini gözləmədən reallaşdırmaq niyyətinə işarə edir.

Onun fikrincə, Avropa tərəfləri yekun razılaşma tam əldə olunmamışdan əvvəl də qarşılıqlı addımlar atmağa və əməkdaşlığa başlamağa təşviq edir. Qərb əvvəlcə sülh müqaviləsinin imzalanmasını, Ermənistan konstitusiyasına dəyişikliklərin isə daha sonra edilməsini mümkün sayır. Bu yanaşmaya əsasən, referendum müqavilənin imzalanması üçün ilkin şərt olmamalıdır.

Əliyev qeyd edib ki, referendumun keçirilib-keçirilməyəcəyi, keçirilsə hansı nəticə ilə başa çatacağı indidən bəlli deyil. Bu qeyri-müəyyənlik Qərb ölkələrinin sazişi referendumdan asılı etməmək istəyinin səbəblərindəndir. Onların qənaətinə görə, səsvermə ümumiyyətlə baş tutmaya və ya gözləniləndən fərqli nəticə verə bilər.

Ekspert Azərbaycanın bu təklifə münasibətinin Bakıya təqdim olunacaq şərtlər və təminatlardan asılı olacağını söyləyib. Onun sözlərinə görə, rəsmi Bakı təklif edilən imtiyazları və zəmanətləri qiymətləndirdikdən sonra qərar verə bilər.

Beləliklə, Qərb sülh müqaviləsinin imzalanmasını Ermənistanın konstitusiya dəyişikliklərindən ayrı nəzərdən keçirməyə çalışır. Azərbaycanın bu yanaşmanı qəbul edib-etməməsində isə Bakıya veriləcək təminatlar əsas rol oynaya bilər.