QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Quba Soyqırımı Muzeyi, simvolik məzarlıq və 1918-ci ilə aid kütləvi məzarlıq ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, Astaranın Alaşa kəndində yerləşən Əlişa qala kompleksi də ölkə əhəmiyyətli arxeoloji abidələr siyahısına əlavə olunub. Eramızdan əvvəl IV əsrdən eramızın XVI əsrinədək olan dövrə aid kompleks bu siyahıda yer alacaq.

Dünya əhəmiyyətli abidələr siyahısında Azıx və Tağlar mağara düşərgələri ilə bağlı müddəalar yenilənib. Sənəddə paleolit dövrünə aid düşərgələrin Xocavənd rayonunun Azıx və Böyük Tağlar kəndlərində yerləşdiyi qeyd olunub.

Yerli əhəmiyyətli memarlıq abidələri siyahısına Gəncədə XIX əsrə aid üç yaşayış evi, Sumqayıtın Corat qəsəbəsində isə XVI əsrə aid Hacı Məcid hamamı və XVII əsrə aid Hacı Əmrulla hamamı əlavə edilib. Qazax rayonu üzrə həmin siyahının 4533-cü bəndi isə ləğv olunub.