QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda ali məktəblərə qəbul zamanı ailələrin maddi imkanları ilə bağlı təhsil bərabərsizliyi yenidən müzakirə olunur.

Təhsil Ekspertləri Mərkəzinin sədri Məzahir Məmmədli sosial şəbəkə paylaşımında qəbul qaydalarına artan diqqəti müsbət qiymətləndirib. Onun fikrincə, müzakirələrin genişlənməsi uzun müddətdir davam edən repetitorluq və kölgə təhsili probleminin aradan qaldırılması üçün şərait yaradır.

Məmmədli bildirib ki, maddi imkanı olan ailələr övladlarının hazırlığı üçün yüksək ödənişli repetitorlara, o cümlədən ayda 300 manat alan “bunker müəllimlərə” müraciət edirlər. İmkanı məhdud ailələrin uşaqları isə əsasən məktəbdə verilən təhsillə kifayətlənirlər.

Ekspertin sözlərinə görə, bu fərq imkanlı ailələrin övladlarına nüfuzlu ixtisaslara qəbul olmaqda üstünlük qazandırır. Aztəminatlı ailələrin uşaqları isə bir çox hallarda istəmədikləri və əmək bazarında perspektivi məhdud olan ixtisaslara yönəlirlər. Nəticədə təhsildə bərabər imkanlar prinsipi pozulur.

Məmmədli qeyd edib ki, qəbul qaydaları məktəbdə alınan təhsilin ali məktəbə daxil olmaq üçün yetərli və real imkan yaratmasını təmin etməlidir. “Repetitorluq məcburiyyət deyil, seçim olmalıdır”, – deyə o bildirib.