QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ölkənin mobil qurğular bazarında oktyabr ayı üzrə liderlik 38,06 faizlik payla yenidən Samsung brendinə məxsus olub. Sentyabrla müqayisədə 2,9 faiz bəndlik geriləmə qeydə alınsa da, şirkət əvvəlki ilin eyni dövrü ilə müqayisədə mövqeyini 13,51 faiz bənd gücləndirib.

İkinci pillədə olan Xiaomi nin bazar payı 27,58 faizə çatıb. Şirkətin göstəricilərində aylıq 1,13 faiz bənd azalma olsa da, ötən ilin oktyabrı ilə müqayisədə 9,71 faiz bəndlik artım müşahidə olunur.

Üçüncü sıradakı Apple-ın payı isə 17,58 faiz təşkil edir. Brend sentyabr ayı ilə müqayisədə 1,91 faiz bənd irəliləsə də, illik müqayisədə mövqeyini 17 faiz (3,62 faiz bənd) itirib.

Digər istehsalçıların ümumi bazar payı isə aylıq 1,73 faiz bənd artaraq, illik müqayisədə 16,5 faiz bənd azalmaqla 9,21 faizə bərabər olub.