QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Abşeronda işləmək istəyən qadınla bu qərara qarşı çıxan həyat yoldaşı arasında yaranmış mübahisə zorakılıqla nəticələnib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

33 yaşlı Fərid Hüseynov (şərti ad) ilə 40 yaşlı Samirə Hüseynova (şərti ad) arasında qadının işləmək niyyəti ilə bağlı mübahisə yaranıb. Məlumata görə, Fərid onun işləməsinə etiraz edib, Samirə isə kobud cavab verib. Bundan sonra kişi qadının boğazından tutaraq onu divara sıxıb, saçlarından dartıb, baş nahiyəsinə zərbə endirib və başını qapıya çırpıb. Qadın müxtəlif xəsarətlər alıb.

Zərərçəkənin şikayəti əsasında cinayət işi başlanıb. Təqsirləndirilən şəxs ifadəsində 2019-cu ildə evləndiyini, 2021-ci ildə oğlunun doğulduğunu və 2022-ci ildə boşandığını söyləyib. O bildirib ki, Samirə ilə altı ay əvvəl ailə qurublar, lakin nikah şəhadətnamələrini almadıqları üçün birgə yaşamırlar. Buna baxmayaraq, hər gün onun evinə getdiyini qeyd edib.

Fəridin sözlərinə görə, hadisə günü gecə Samirənin evinə gedib və ehtiyaclarını ödəməsi üçün ona 20 manat verib. Söhbət zamanı qadın iş tapıb işləmək istədiyini deyib. Təqsirləndirilən şəxs isə evlilikdən əvvəl onun işləməsinə qarşı olduğunu bildirdiyini xatırladıb. Etirazına kobud cavab aldıqdan sonra hadisənin baş verdiyini söyləyib.

F. Hüseynov törətdiyinə görə peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Samirə Hüseynova isə 2008-ci ildə ailə qurduğunu, həmin nikahdan 2010-cu il təvəllüdlü qızının olduğunu və 2011-ci ildə boşandığını deyib. O, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını ifadə edib.

Məhkəmə cinayət işinə xitam verib və Fərid Hüseynov məsuliyyətdən azad olunub.