QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Könül Niftəliyeva Azərbaycan dilinin qorunması və inkişafında media nümayəndələrinin üzərinə düşən məsuliyyətdən danışıb.

Onun sözlərinə görə, media məlumatı çatdırmaqla yanaşı, ünsiyyətə və dil mədəniyyətinə də təsir edir. Buna görə də jurnalistlərin söz və ifadə seçimi, terminlərdən istifadə zamanı ədəbi dil qaydalarını nəzərə alması vacibdir.

Niftəliyeva qeyd edib ki, rəqəmsal kommunikasiya və qloballaşma fonunda başqa dillərdən sözlərin dilə daxil olması təbiidir. Bununla belə, bütün alınma sözlərdən imtina etmək mümkün deyil və onlardan yalnız ehtiyac yarandıqda istifadə olunmalıdır. Azərbaycan dilində qarşılığı olan ifadələrə üstünlük verilməsi məqsədəuyğundur.

O bildirib ki, yeni terminlər üçün Azərbaycan dilində qarşılıq tapmaq və bu sözləri ictimai istifadəyə təqdim etmək dil mütəxəssisləri ilə yanaşı, medianın da vəzifəsidir. Media, onun fikrincə, insanlara yalnız məlumat vermir, həm də danışıq tərzinin formalaşmasına təsir edir. Bu baxımdan jurnalistin nitq mədəniyyəti, düzgün tələffüzü, söz ehtiyatı və söz seçimində məsuliyyəti xüsusi önəm daşıyır.

Niftəliyeva əlavə edib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində ədəbi-ictimai zümrəyə, o cümlədən jurnalistlərə və media nümayəndələrinə Azərbaycan dilini yad və gərəksiz alınma sözlərdən qorumaq üçün müraciət edib. Onun sözlərinə görə, dövlət başçısının çağırışına uyğun olaraq bu istiqamətdə fəaliyyət gücləndirilməlidir.