QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 23–24 noyabr 2026-cı ildə Azərbaycan Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” Beynəlxalq Simpoziumunun elmi panel sessiyaları keçirilib. Tədbir xalçaçı-rəssam, alim və pedaqoq Lətif Kərimovun anadan olmasının 120-ci ildönümünə həsr olunub.

Simpozium Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə, Azərbaycan Milli Xalça Muzeyi, Türkiyənin Mərmərə Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə baş tutub. Proqrama əsas məruzələr, beş panel və yekun dəyirmi masa daxil olub.

İlk gün Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu ilə mədəniyyət və turizm üzrə mütəxəssis Hakan Ünlü “İlmədən pikselə: Pazırıqdan bu günə Türk irsinin rəqəmsal gələcəyini toxumaq” mövzusunda çıxış ediblər. “Türk xalça sənətinin konseptual və simvolik dünyası” adlı ilk panelə Mərmərə və Süleyman Dəmirəl universitetlərinin professorları qatılıblar. Moderator Hakan Çiloğlu, eləcə də Mustafa Genç və Emre İkizler xalça sənətinin konseptual quruluşu, ənənəvi toxuculuqdakı simvollar və boyaqotunun rolu barədə danışıblar.

Lətif Kərimovun irsinə həsr olunan ikinci paneldə professor, sənətşünaslıq elmləri doktoru Kübra Əliyeva sənətkarla bağlı xatirələrini bölüşüb. Xədicə Əsədovanın moderatorluq etdiyi müzakirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov da iştirak edib. Çıxışlarda Kərimovun yaradıcılığında ornament, rəng və kompozisiya, eləcə də onun Azərbaycan xalçaçılığındakı xüsusi yeri elmi baxımdan təhlil edilib.

Üçüncü paneldə muzey fondları və türk xalçaçılıq ənənələri nəzərdən keçirilib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın moderatorluğu ilə keçirilən sessiyada Abay adına Qazax Milli Pedaqoji Universitetinin professoru Janerke Şaygozova, Abılxan Kasteyev adına Dövlət İncəsənət Muzeyinin şöbə müdiri Natalya Bajenova və Oş Dövlət Universitetinin dosenti Çınıhan Satıbaldiyeva araşdırmalarını təqdim ediblər. Müzakirələr muzey kolleksiyalarını, qazax və qırğız xalçalarının tipologiyasını, Azərbaycan xalça sənəti ilə ortaq mədəni əlaqələri əhatə edib.

Noyabrın 24-də keçirilən dördüncü panel Mərkəzi Asiyanın xalça kolleksiyaları və türkmən xalçaçılıq ənənəsinə həsr olunub. Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənovanın moderator olduğu sessiyada Özbəkistan Dövlət Tarix Muzeyinin tədqiqatçısı Mansur Safayev kolleksiyaların yaranma tarixindən danışıb. Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinin direktor müavini Oraznabat Saparova isə xalça məmulatlarının türkmən alaçığının bədii tərtibatındakı rolunu təqdim edib.

“Anadolu toxuculuq irsi, dizayn və rəqəmsal gələcək” adlı beşinci paneldə Türkiyənin Sakarya və Yıldız Texniki universitetlərindən alimlər, Şehitkamil Bələdiyyəsinin nümayəndəsi və dizayn mütəxəssisləri çıxış ediblər. Professorlar Kadriye Didem Atiş, Osman Özgan, Esmer Erdem, Karaca Murat Erdem və dosent Ertan Toy Anadolu toxuculuq ənənələrini, Qaziantepin qədim abidələri ilə xalça-kilim naxışlarının müqayisəsini, türk xalçasının qlobal brendləşməsini və türk motivləri üzrə rəqəmsal naxış arxivinin yaradılmasını müzakirə ediblər.

Panellər başa çatdıqdan sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın moderatorluğu ilə “Türk xalçasının gələcək perspektivləri” mövzusunda dəyirmi masa keçirilib və tədbirin rəsmi bağlanış mərasimi olub.

İki gün davam edən elmi müzakirələr Türk dünyasının ortaq xalçaçılıq irsinin araşdırılması, muzeylərlə elmi-tədqiqat mərkəzlərinin əməkdaşlığının genişləndirilməsi, ənənəvi sənət nümunələrinin müasir texnologiyalarla qorunaraq gələcək nəsillərə çatdırılması məsələlərini əhatə edib.