QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Beyləqanın Təzəkənd kəndində apardığı araşdırmalarda qədim tikililərə aid izlər üzə çıxıb. Qazıntılar zamanı çiy kərpic döşəmə və bişmiş kərpicdən hörgü qeydə alınıb.

Mil düzündə yerləşən yaşayış yerində aşkarlanan mədəni təbəqələrin ardıcıllığı və memarlıq qalıqları burada məskunlaşmanın müxtəlif mərhələlərdə davam etdiyini göstərir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat işləri aparıb, avqustda isə yoxlama şurfu salıb. Əsas qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək keçirilib. Altı kvadrat sahədə aparılan işlər zamanı mədəni qatın təxminən bir metr dərinliyə qədər uzandığı müəyyənləşdirilib.

A kvadratında 97 santimetr dərinlikdə 40 × 35 santimetr ölçülü çiy kərpic döşəmə, B kvadratında isə 92–93 santimetr dərinlikdə qırmızı bişmiş kərpicdən hörgü qalıqları tapılıb. Tədqiqatçılar keramika nümunələrini, tikinti materiallarını və sümük qalıqlarını da aşkar edib sənədləşdiriblər.

Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə İ. P. Şeblıkin tərəfindən yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Burada sistemli araşdırmalara 1953–1957-ci illərdə A. A. İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası başlayıb. Q. M. Əhmədovun 1957-ci ildə açdığı şurf mədəni təbəqənin 3,5 metr dərinliyə qədər davam etdiyini göstərib.

Əvvəlki qazıntılarda əldə edilən keramika və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək davam etdiyini göstərir.

A. A. İessen və Q. M. Əhmədov abidəni ilk orta əsrlərdəki Paytakaran şəhərinin qalıqları ilə əlaqələndiriblər. Bu elmi qənaətin yoxlanması və aşkar edilmiş tikililərin planının dəqiqləşdirilməsi üçün qazıntı sahəsinin şimal və qərb istiqamətlərində genişləndirilməsi, eləcə də yeni stratiqrafik və tarixləndirici materialların əldə olunması zəruri sayılır.