Qədim bir rəvayətdə hökmdarın ədalətə sadiqliyi ilə övladına sevgisi arasında qaldığı an və verdiyi qərar təsvir olunur.

Hekayəyə əsasən, uzaq bir krallığın xalq tərəfindən hörmət edilən padşahı ölkəni müdriklik və qanunlara bağlılıqla idarə edirdi. Xəzinədən pul oğurluqları başlayanda o, qayda-qanunu qorumaq üçün ilk dəfə tutulanlara on qamçı zərbəsi vurulmasını əmr etdi.

Oğurluqlar kəsilmədiyindən cəzanı əvvəl iyirmi, sonra otuz zərbəyədək artırdı. Nəticə dəyişməyincə padşah hökmü qırx zərbəyə çatdırdı. Həmin dövrdə bu cəza, demək olar, ölüm hökmü sayılırdı.

Bir müddət sonra oğru yaxalandı. Məlum oldu ki, xəzinədən pul götürən hökmdarın öz qızı, onun ən çox sevdiyi övladıdır. Padşah üçün seçim ağır idi: qızını cəzalandırmamaq qanunlara və ədalətə olan etimadı zədələyə, hökmü icra etmək isə sevimli övladının ölümünə gətirib çıxara bilərdi.

Bir müddət düşündükdən sonra o, qanunun hamıya eyni şəkildə tətbiq olunacağını bildirdi. Cəzanın icrası günü meydanda böyük izdiham yığışdı. Qız cəza yerinə gətirilərək diz çökdürüldü, kürəyindəki geyimi çıxarıldı. Cəllad qamçını qaldırıb ilk zərbəyə hazırlaşanda padşah onu dayandırdı.

Hökmdar meydana çıxıb padşah libasını və köynəyini çıxardı. Sonra qızının önündə əyilərək onun kürəyini öz bədəni ilə örtdü və cəllada zərbələri vurmağı əmr etdi. Cəllad tərəddüd etsə də, padşah hökmün yerinə yetirilməsində israr göstərdi.

Qırx zərbənin hamısı padşahın kürəyinə dəydi. Beləcə, qanunun nəzərdə tutduğu cəza tətbiq edildi, ancaq onun ağrısını qızının əvəzinə hökmdar çəkdi. Qızı sağ qaldı, padşah isə onu xilas etmək üçün ağır əzaba dözdü.

Rəvayətin çatdırdığı fikir budur ki, məhəbbət insanın səhvini danmaq deyil; səhvin məsuliyyətini qəbul edərək onu nəticələri ilə tək buraxmamaqdır. Bağışlamaq günahı unutmaqdan daha çox, onun bədəlini ödəməyə hazır olmaq kimi təqdim edilir.

Qeyd olunan əsər “Ester Artakserksin qarşısında” adlanır. Onu Qverçino (Covanni Françesko Barbieri) 1639-cu ildə yaradıb. Əsər ABŞ-ın Miçiqan Universitetinin İncəsənət Muzeyində saxlanılır.