QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən binanın naxışlı tarixi taxta qapısı sökülüb, yerində isə şüşə konstruksiya quraşdırılıb. Yeni konstruksiyanın üzərinə köhnə qapının təsviri yapışdırılıb.
Memarlıq üzrə elmlər doktoru Elçin Əliyev məsələ barədə məlumat yayıb. Onun paylaşdığı fotolarda əvvəlki qapı ilə yeni konstruksiyanın fərqi görünür.
Əliyevin sözlərinə görə, bu, son bir ildə tarixi memarlıq elementlərinin şüşə konstruksiyalarla əvəzlənməsi istiqamətində qeydə alınan ikinci cəhddir. O, baş verənlərin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatı daxilində həyata keçirildiyini güman etdiyini bildirib. Memar əlavə edib ki, xidmət əməkdaşlarının şəhərdə təmir işlərini yoxladığı bir vaxtda mərkəzdəki dəyişiklikdən xəbərsiz qalması çətin görünür.
Elçin Əliyev tarixi qapının bərpa olunması əvəzinə onun şəklinin şüşəyə yapışdırılmasını irad tutub və bunun irsin qorunmasının yalnız görüntüsünü yaratdığını vurğulayıb. O, əvvəlki oxşar cəhd zamanı susması müqabilində Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri vasitəsilə ona xeyli məbləğdə rüşvət təklif edildiyini, lakin bundan imtina etdiyini də iddia edib.
Memar obyektin sahiblərini tarixi qapını əvvəlki yerinə qaytarmağa çağırıb. Hadisə Bakının memarlıq irsinin qorunması və şəhərin tarixi görünüşünə münasibətlə bağlı tənqidlərə səbəb olub. Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu göndərilib.