QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp APEC sammitində iştirak məqsədilə Filippindən Çinə yola düşüb və Şençjen Baoan Beynəlxalq Hava Limanında Çin lideri Si Cinpin tərəfindən qarşılanıb.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti üçün Şençjenə gələn Trampı Si Cinpin hava limanında şəxsən qarşılayıb. Bununla Çin lideri ABŞ prezidentini ilk dəfə hava limanında qəbul edib.

Si Cinpin indiyədək ABŞ prezidentlərindən heç birini hava limanında qarşılamamışdı. Tramp təyyarədən enəndə onu qucaqlayan Çin lideri bu addımı ilə protokolda ilkə imza atıb.

Mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, hərbi təyyarələr nümunəvi uçuşlar həyata keçirib. Tramp Si Cinpinlə qırmızı xalça üzərində addımladıqdan sonra avtomobilinə əyləşərək hava limanından ayrılıb.

Sentyabrda Tramp da ABŞ-yə səfər edən Si Cinpini Endryus Birgə Hərbi Bazasında şəxsən qarşılamışdı.

Rusiya Prezidenti Vladimir Putini isə bu gün Şençjenə gəlişi zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Daimi Komitəsinin üzvü Tsay Tsi qarşılayıb.