QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyində gözlənilən dəyişiklik fonunda təhsil eksperti Rizvan Fikrətoğlu mümkün sədr namizədlərinin adlarını açıqlayıb.

Ekspert bildirib ki, DİM ölkə gənclərinin gələcəyinə və onların ali məktəblərə qəbuluna təsir edən mühüm qurumdur. Buna görə də rəhbər vəzifəyə namizəd seçilərkən şəxsi keyfiyyətlər, dürüstlük və etibarlılıq əsas meyarlar olmalıdır.

Fikrətoğlunun fikrincə, başqa universitetə rektor təyin olunmaqla DİM İdarə Heyətinin sədri vəzifəsi eyni çətinlik daşımır. O, bu posta gələcək şəxsin qəbul prosesinin şəffaflığına təminat verəcək qədər etibarlı və təmiz reputasiyalı olmasının vacibliyini vurğulayıb.

Ekspert namizədlər sırasında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun adını çəkib. Onun daha iddialı namizəd saydığı şəxs isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovdur.

Fikrətoğlu təhsil sektorunda tanıdığı bu iki şəxsin DİM-ə rəhbərlik üçün daha etibarlı və layiqli seçim ola biləcəyini düşünür.