QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi Bakıda baş tutub. Yarış Azərbaycanda ilk dəfə keçirilir.
Azərbaycan Texniki Universitetinin idman zalındakı mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ölkələrin idmançılarından ibarət paradın ardından “Ümid Məşəli” zala gətirilərək alovlandırılıb.
Turnirdə Avropa və Avrasiya regionundan 18 ölkəni təmsil edən 100-dən çox idmançı və nümayəndə heyəti iştirak edir. Noyabrın 19-dan 21-dək keçirilən yarış xüsusi qayğıya ehtiyacı olan idmançıların bacarıqlarını beynəlxalq səviyyədə göstərməsinə şərait yaratmağı, inklüziv idmanı inkişaf etdirməyi, dostluq və həmrəyliyi gücləndirməyi hədəfləyir.
Açılışda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi təcrübəsinə toxunub. O, idmanın hamı üçün əlçatanlığının və inklüziv idmanın inkişafının vacibliyini vurğulayaraq belə tədbirlərin idmançıların irəliləyişinə, ölkələr arasında əməkdaşlığa və idman dəyərlərinin yayılmasına töhfə verdiyini bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətin bütün sahələrində fəal iştirakı sosial siyasətin əsas istiqamətlərindəndir. O, inklüziv idman tədbirlərinin həmin şəxslərin bacarıqlarını nümayiş etdirməsi ilə yanaşı, sosial əlaqələrinin genişlənməsi və cəmiyyətə inteqrasiyası üçün də əhəmiyyət daşıdığını qeyd edib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev beynəlxalq turnirin universitetdə keçirilməsini ali məktəb üçün əlamətdar hadisə adlandırıb və iştirakçılara uğurlar diləyib. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov isə yarışın Azərbaycanda ilk dəfə təşkilini ölkənin inklüziv idmana verdiyi önəmin göstəricisi kimi qiymətləndirib. O, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması və potensiallarını üzə çıxarması istiqamətində görülən işlərdən danışıb.
Xüsusi Olimpiya Avropa-Avrasiya regionunun rəhbəri Sven Albrext tədbirin təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, bərabərlik, inklüzivlik, qarşılıqlı hörmət və hər bir idmançının imkanlarına inamın Xüsusi Olimpiya Hərəkatının əsas prinsipləri olduğunu və turnirdə əksini tapdığını söyləyib.
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov badmintonun inkişafı və bu idman növü üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə danışıb. O, yarışın idmançılar üçün yaradacağı imkanları vurğulayıb, iştirakçılara uğurlar arzulayıb və turnirin badmintonun inklüziv mühitdə yayılmasına dəstək olacağını bildirib.
Üç gün davam edəcək yarışda idmançılar badmintonun müxtəlif kateqoriyaları üzrə mübarizə aparacaq və bacarıqlarını nümayiş etdirəcəklər.