QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İmişlidəki Bəhrəmtəpə hidroqovşağında aparılan əsaslı yenidənqurma işləri səbəbindən dekabrın 1-dən Araz çayından suvarma kanallarına suyun ötürülməsi müvəqqəti dayandırılacaq. Məhdudiyyətin təxminən iki ay sürəcəyi gözlənilir.
1958-ci ildə istifadəyə verilmiş hidroqovşaq İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 168 min hektardan çox əkin sahəsinin suvarılmasında əhəmiyyət daşıyır.
Yenilənmə layihəsi çərçivəsində hidrotexniki qurğular təmir olunur, betonlama aparılır, suölçən avadanlıqlar və müasir SCADA avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılır.
Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Cəlil Əliyev işlərin gedişi, su təchizatında yaranacaq fasilə və layihənin sonrakı mərhələləri barədə danışıb. Yenidənqurmanın 2027-ci ilin iyununda yekunlaşdırılması nəzərdə tutulur.
İşlər tamamlandıqdan sonra hidroqovşaqdan su alan əkin sahələrinin ümumi həcminin 240 min hektara çatdırılması planlaşdırılır.