QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Rusiya Dövlət Duması 2027–2029-cu illərin federal büdcəsinə dair qanun layihəsini ikinci oxunuşda qəbul edib. Sənədə əsasən, gələn il ölkənin hərbi xərcləri Sovet İttifaqının süqutundan sonrakı dövrün ən yüksək göstəricisinə çatacaq.

Büdcədə səhiyyə, sosial təminat və iqtisadi inkişaf üçün nəzərdə tutulan vəsaitin azaldılması planlaşdırılır. Hökumət 2027-ci ildə ümumi xərclərin təxminən 35 faizini müdafiə ehtiyaclarına və silah alınmasına yönəltməyi nəzərdə tutur.

“Milli müdafiə” üzrə ayrılan məbləğin 32 faiz artırılaraq 2026-cı ildəki 12,9 trilyon rubldan (156,9 milyard dollar) 17,1 trilyon rubla (207,9 milyard dollar) çatdırılması təklif olunur.

Daxili İşlər Nazirliyi, Milli Qvardiya, İstintaq Komitəsi, xüsusi xidmət qurumları və Federal Penitensiar Xidmətin xərclərini əhatə edən “Milli təhlükəsizlik” bölməsinin büdcəsi də 7,6 faiz artacaq. Bu istiqamətə 4,6 trilyon rubl (55,9 milyard dollar) ayrılması nəzərdə tutulub.

Beləliklə, müdafiə və təhlükəsizlik qurumlarına birlikdə 21,3 trilyon rubl (259 milyard dollar) yönəldiləcək ki, bu da federal büdcənin təqribən 44 faizinə bərabərdir.

Mülki sahələrdə ixtisarlar

Hərbi və təhlükəsizlik istiqamətlərinə ayrılan vəsait artırılsa da, bir sıra mülki xərclər azalacaq. Milli iqtisadiyyata dəstək üçün ayrılan məbləğ 3 faiz azaldılaraq 4,62 trilyon rubla (56,2 milyard dollar), mənzil-kommunal təsərrüfatının maliyyəsi 8 faiz ixtisar olunaraq 1,83 trilyon rubla (22,3 milyard dollar) endiriləcək.

Səhiyyə xərclərinin 3 faiz azalaraq 1,81 trilyon rubl (22 milyard dollar), sosial müdafiəyə, o cümlədən pensiyalar üçün Sosial Fonda köçürmələrin isə 6 faiz azaldılaraq 6,65 trilyon rubl (80,9 milyard dollar) olması planlaşdırılır.

Bəzi sosial və tibbi proqramların büdcəsi də ciddi şəkildə kiçiləcək. Üç və daha çox uşaqlı ailələrin sayını artırmaq və həmin ailələr arasında yoxsulluğu azaltmaq məqsədi daşıyan “Çoxuşaqlı ailələr” layihəsinə 2027-ci ildə 93 milyard rubl (1,13 milyard dollar) ayrılacaq. Bu, 2026-cı il üçün nəzərdə tutulan 157,2 milyard rubldan (1,91 milyard dollar) təxminən 40 faiz azdır.

Klinika və xəstəxanaların inşası, təmiri və yenilənməsini əhatə edən “Səhiyyə infrastrukturunun inkişafı” layihəsinin maliyyəsi 30 faiz kəsilərək 54,4 milyard rubla (661,6 milyon dollar) salınacaq.

“Xərçənglə mübarizə” proqramı üzrə vəsait isə 12 dəfə azalacaq: 44,9 milyard rubldan (546 milyon dollar) 3,9 milyard rubla (47,4 milyon dollar) düşəcək.

Vergi dəyişiklikləri ilə əlavə gəlir gözlənilir

Rekord hərbi xərclərin qarşılanması üçün Rusiya hökuməti yeni vergi tədbirləri hazırlayır. Gələn ildən qızıl hasilatı və əlvan metal istehsalı ilə məşğul olan müəssisələrdən əlavə mənfəət vergisi tutulacaq.

Fiziki şəxslərin passiv gəlirlərinə, o cümlədən bank əmanətlərindən əldə olunan gəlirə tətbiq edilən ən yüksək vergi dərəcəsi 22 faizə yüksəldiləcək. Xarici onlayn mağazalardan alınan mallara da 22 faizlik əlavə dəyər vergisi tətbiq olunacaq.

Maliyyə Nazirliyinin hesablamalarına görə, vergi dəyişiklikləri 2027-ci ildə büdcəyə 1,5 trilyon rubl (18,2 milyard dollar), 2028–2029-cu illərdə isə əlavə 2,2 trilyon rubl (26,8 milyard dollar) gətirəcək.