QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna rəhbərliyi və ona dəstək göstərən qüvvələr hərbi əməliyyatların dayandırılması ilə bağlı mövcud reallıqları qəbul edərsə, Kiyevlə gələcək razılaşmaların mümkün olduğunu bildirib.
Putin Ukrayna və Rusiyanın tərəfdaşları arasında qarşılıqlı güzəştlərin müzakirəsini istisna etməyib. Onun sözlərinə görə, təkliflər ABŞ tərəfindən irəli sürülüb və Rusiya nümayəndələri bu təkliflərlə razılaşıblar. Prezident Moskvanın münaqişə tərəflərinin qarşılıqlı güzəştə getməsi ehtimalını dəstəklədiyini deyib.
Rusiya lideri əsas məsələnin Ukraynanın və onun avropalı tərəfdaşlarının bu şərtləri qəbul etməyə hazır olub-olmaması olduğunu vurğulayıb. O bildirib ki, Kiyev rəhbərliyi hazırkı vəziyyəti nəzərə alarsa, müzakirə olunan güzəştlərə nail olmaq mümkün olacaq.
Putin Avropa nümayəndələrinin Ukrayna ilə bağlı danışıqlara qoşulmasına Rusiyanın razılıq verəcəyini açıqlayıb. Bununla belə, onun sözlərinə görə, avropalı təmsilçilər əvvəlcə təkliflərini Moskva ilə müzakirə etməlidirlər. Prezident Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizlik sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilməli olduğunu da qeyd edib.
Hazırkı mərhələdə Moskva Rusiya, Ukrayna və ABŞ arasında aparılan üçtərəfli danışıqlarda Avropa nümayəndələrinin iştirakına razılaşmır. ABŞ isə onların növbəti görüşə qatılmasını istəyir.
Putin Rusiyanın müharibəni başa çatdırmaq niyyətində olduğunu da bildirib. O, Ukrayna rəhbərliyinin hərbi əməliyyatlar bitdikdən sonra keçiriləcək seçkidə məğlub olmaq qorxusuna görə sülh istəmədiyini iddia edib.