QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində bir qrup hərbi vəzifəli üçün növbəti təlim toplanışına başlanılıb. Tədbir müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi 2026-cı il hazırlıq planı çərçivəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil olunub.

Toplanışa cəlb edilən şəxslər əvvəlcə qeydiyyata alınıb və tibbi müayinədən keçirilib. Bundan sonra onlara hərbi geyim və zəruri təminat vasitələri verilib.

Başlanğıc münasibətilə təşkil olunan mərasimdə çıxış edənlər təlimlərin ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri hazırlığının, praktiki bacarıqlarının və döyüş hazırlığının gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Mərasim iştirakçıların tribuna önündən təntənəli marşla keçidi ilə yekunlaşıb.

Proqrama əsasən, şəxsi heyətə Azərbaycan Ordusunun istifadəsində olan müasir silahlar, texnika və hərbi-texniki vasitələr barədə məlumat verilib.

Toplanış zamanı real döyüş şəraitinə uyğun taktiki və digər hazırlıq istiqamətləri üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək. Həmçinin iştirakçılara müasir döyüş aparmaq və özünümüdafiə üsulları öyrədiləcək.