QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının vaxtaşırı yenilənməsinin vacibliyini vurğulayıb. O, bunu Rusiya neftinin alışı, satışı və daşınması ilə məşğul olan şirkətlərin dəyişməsi, eləcə də məhdudiyyətlərdən yayınmaq üçün yeni yolların yaranması ilə əlaqələndirib.
Sikorski bu fikirləri Brüsseldə Aİ Xarici İşlər Şurasının toplantısından əvvəl jurnalistlərə açıqlamasında səsləndirib. Onun bildirdiyinə görə, Polşanın təşəbbüsü ilə bir sıra şirkət və şəxslər İttifaqın sanksiya siyahısına salınıb. Nazir hesab edir ki, tədbirlərin təsirini qorumaq üçün onların əhatəsi və hədəfləri müntəzəm şəkildə yenidən qiymətləndirilməlidir.
Polşalı nazir Avropa karbohidrogen bazarının Rusiyanın əlindən çıxmasını Moskva üçün başlıca iqtisadi zərbələrdən biri adlandırıb. Sikorskinin sözlərinə görə, “Hər il Avropa getdikcə daha az Rusiya nefti və qazı idxal edir. Rusiya daha az nefti daha az pula satır ki, bu da onun müharibəni maliyyələşdirmək imkanlarına təsir edir”.
Ukraynaya dəstəklə bağlı danışan Sikorski diplomatik səylər zamanı təzyiqin Kiyevə yox, Moskvaya yönəldilməli olduğunu bildirib. Onun fikrincə, müharibənin dayandırılması üçün aparılan danışıqlarda Rusiyaya təsir vasitələri saxlanmalıdır.
Nazir Polşanın Ukraynaya yardımını davam etdirdiyini, həmçinin Varşavanın Çexiyanın Ukraynaya sursat tədarükü təşəbbüsünə qoşulduğunu qeyd edib.
Sikorski Polşanın PURL proqramına əlavə maliyyə ayırması ilə bağlı hələ yekun qərar olmadığını da deyib. Bununla belə, maliyyələşdirmə məsələsinin yubadılması proqramın başa çatdığı anlamına gəlmədiyini vurğulayıb.
Aİ-nin Rusiyaya qarşı sanksiyaları Moskvanın enerji gəlirlərini və müharibəni maliyyələşdirmək imkanlarını azaltmağa yönəlib. Rusiya neftinin daşınmasında iştirak edən şirkətlər və vasitəçilərə tətbiq olunan məhdudiyyətlər də bu siyasətin əsas istiqamətlərindəndir.