QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2027-ci ilin fevralından idxal olunan siqaretlərə tətbiq edilən gömrük rüsumu artırılacaq. Dəyişiklik pərakəndə satış qiymətlərinin yüksəlməsi ehtimalını yaratsa da, artımın bütün markalarda eyni olacağı gözlənilmir.
İqtisadçı Elşən Bağırzadənin sözlərinə görə, yeni qaydalar qüvvəyə mindikdən sonra hər 1000 ədəd siqaret üçün əvvəlki 0,5 ABŞ dolları rüsum əvəzinə gömrük dəyərinin 15 faizi, minimum 3 ABŞ dolları tutulacaq.
Hesablamalara əsasən, minimum rüsumun tətbiqi 20 ədədlik qutu üzrə təxminən 8,5 qəpik əlavə gömrük xərci yaradır. Min ədəd siqaretin gömrük dəyəri 40 dollar olduqda bu göstərici bir qutu üçün təxminən 19 qəpik, dəyər 60 dollar təşkil etdikdə isə 29 qəpikdir. Gömrük dəyəri yüksək məhsullarda əlavə xərc daha çox ola bilər.
Bağırzadə qeyd edib ki, hesablanan məbləğlər pərakəndə qiymətin həmin həcmdə mütləq artacağı demək deyil. Xərclərin hansı hissəsinin alıcıya ötürüləcəyi idxalçı və satıcıların qərarlarından, bazardakı rəqabətdən və qiymət siyasətindən asılı olacaq.
Yeni rüsum birbaşa hazır idxal siqaretlərinə şamil edilir. Azərbaycanda istehsal olunan məhsulların maya dəyərinə dəyişiklik bilavasitə təsir etməsə də, idxal siqaretlərinin bahalaşması yerli istehsalçıların qiymət siyasətinə dolayı təsir göstərə bilər.
İqtisadçı idxal məhsullarında qiymət artımı ehtimalını yüksək qiymətləndirib, lakin bütün markalar üçün eyni bahalaşmanın olacağını deməyin mümkün olmadığını vurğulayıb. Bir qutu üzrə əlavə gömrük xərci minimum rüsum tətbiq olunan məhsullarda 8,5 qəpik, gömrük dəyəri daha yüksək olanlarda isə 20-30 qəpik və ya daha artıq ola bilər. Pərakəndə qiymətin faktiki dəyişməsi şirkətlərin qərarlarından asılı qalacaq.