QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3-cü mədənində çalışan 70-80 nəfərin növbə dəyişməsi gecikir. Noyabrın 5-də həyata keçirilməli olan dəyişmənin nə vaxt baş tutacağı barədə məlumat yoxdur. İşçilərin dənizdə su və ərzaq ehtiyatlarının, o cümlədən siqaretlərinin tükəndiyi bildirilib.

Bu barədə iki gün əvvəl “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, işçilərə gəminin nə vaxt gələcəyi dəqiq açıqlanmır. Qəhrəmanlı vəziyyətin həm işə gedə bilməyənlərə, həm də dənizdə çalışanlara psixoloji təsir göstərdiyini qeyd edərək, neftçilərin ağır şəraitdə nə qədər qalmalı olduğunu soruşub.

Məsələ ilə bağlı SOCAR bildirib ki, dənizdəki neft və qazçıxarma idarələrində hava şəraiti səbəbindən növbə dəyişməsinin təxirə düşməsi vaxtaşırı baş verən haldır. Qurumun açıqlamasına görə, Nərimanov adına idarənin 3 saylı sahəsində və digər dəniz müəssisələrində gecikməyə Xəzərdə son günlər hökm sürən güclü külək və fırtınalı hava səbəb olub.

SOCAR qeyd edib ki, hava şəraiti imkan verdiyi zaman mövcud gəmilərdən səmərəli istifadə ediləcək, alternativ gəmilər cəlb olunacaq və aidiyyəti qurumlarla koordinasiya aparılacaq. Növbə dəyişmə müddətinin uzanması nəzərə alınaraq yedək və başqa təyinatlı gəmilərlə özüllərə ərzaq və içməli su göndərildiyi vurğulanıb. Qurum dəniz platformalarında çalışanların gündəlik ehtiyaclarının təminində çətinlik olmadığını bildirib.

Açıqlamada hava proqnozuna əsasən, əlverişli şəraitin gözlənildiyi noyabrın 14-dən “Azneft”in dəniz platformalarında növbə dəyişmə əməliyyatlarının normal rejimə qaytarılmasının planlaşdırıldığı deyilir. Ayrı-ayrı ərazilərdə proses mərhələli şəkildə davam edir. SOCAR əsas prioritetin əməliyyatları dəniz təhlükəsizliyi qaydalarına tam uyğun aparmaq olduğunu qeyd edib.