QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İrəvanda Ermənistan və Kipr milliləri arasında keçirilən futbol matçında siyasi məzmunlu təxribat xarakterli görüntülər qeydə alınıb.

Ermənistanın “Aravot” nəşrinin yaydığı məlumata görə, UEFA Millətlər Liqasının C2 qrupunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Matç zamanı erməni azarkeşlər tribunada Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində fəaliyyət göstərən qondarma separatçı rejimin bayrağını açıblar.

UEFA-nın Təhlükəsizlik və Təhlükəsizlik Qaydalarının 44-cü maddəsi stadionlarda siyasi mesajların təşviqini qadağan edir. Təşkilatın İntizam Qaydalarının 16-cı maddəsi isə siyasi, ideoloji və təxribat xarakterli mesajların nümayişinə görə sanksiya tətbiq edilməsinə əsas yaradır.

İntizam Reqlamentinə görə, bu cür mesajların nümayişi qayda pozuntusu sayıla bilər. Pozuntunun xarakteri və ağırlığı nəzərə alınmaqla, federasiyaya pul cəriməsi kəsilməsi, stadionun ayrı-ayrı sektorlarının bağlanması və ya növbəti ev oyununun azarkeşsiz keçirilməsi mümkündür. UEFA xəbərdarlıq, töhmət və şərti cəza da tətbiq edə bilər.

Hələlik məlum deyil ki, UEFA İrəvanda baş verənlərlə bağlı araşdırma başladıb, yaxud Ermənistan tərəfinə hər hansı intizam tədbiri görəcək.